21 May 2025 |
||
![]() ![]() ![]() |
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Azərbaycan 16 ildən artıqdır ki, Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı danışıqları davam etdirir. Artıq ikitərəfli və çoxtərəfli danışıqlar nəticəsində bir çox mühüm məsələlərdə razılıq əldə olunsa da, ölkəmizdə DTT-yə üzvlükə bağlı rəsmi və akademik dairələrin mövqeyi birmənalı olmadığından üzvlük prosesi ləngiyir. Keçmiş SSRİ məkanında yaranmış dövlətlərdən bəziləri artıq DTT-yə üzv olub ki, bu da bizə onların üzvlük şərtlərini, üzvlükdən sonra iqtisadiyyatda gedən prosesləri izləmək baxımından yaxşı təcrübə nümunəsi verir. Bəzi ekspertlər Qırğızıstan, Gürcüstan, Moldova və Rusiya kimi oxşar ölkələrin DTT-yə üzvlükdən sonra itkilərinin qazanclarından çox olduğunu əsaslandırmağa çalışır və bu təşkilata üzvlüyü ölkədə daxili istehsalın çöküşü kimi qiymətləndirilər. 2012-ci ilin oktyabrında Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin "Hesab edirəm ki, daxili istehsalı gücləndirmək prioritet məsələ olmalıdır. Buna tam şəkildə nail olandan və sənaye sahəsində istədiyimizə çatandan sonra, əlbəttə ki, Dünya Ticarət Təşkilatı ilə danışıqlarımız daha da sürətlə gedəcəkdir" fikrini səsləndirməsi əslində Azərbaycanın DTT-yə üzvlüklə bağlı müəyyən tərəddüdlərinin olduğundan xəbər verir. Bu tərəddüdlər nədən qaynaqlanır? Doğrudanmı MDB dövlətlərinin DTT-yə üzvlüyü ölkədə sənaye, kənd təsərrüfatı və xidmət sektorunun sonunu gətirdi? DTT-yə üzvlüklə bağlı yaranmış miflər nədən qaynaqlanır? DTT-yə üzlükdən necə maksimum qazanc əldə etmək mümkündür? Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri MDB dövlətlərinin timsalında DTT-yə üzvlük təcrübəsini araşdırmaqla bu suallara cavab tapmağa çalışıblar. 1998-ci ildə DTT-yə üzv olan Qırğızıstan beynəlxalq standartlara cavab verən tamamilə yeni iqtisadi inkişaf modelinin hüquqi bazasını yarada bilib. Üzvlük prosesinin getdiyi illərdə xarici ticarətin tənzimlənməsi sahəsində DTT-nin tələblərinə cavab verən 150-yə yaxın qanunvericilik aktı, "Gömrük tarifi haqqında" Qanun və Gömrük Məcəlləsi qəbul olunub. Daxili ticarət və vergi qanunvericiliyi də DTT-nın qayda və normalarına uyğunlaşdırılıb. Üzvlükə bağlı danışıqlar gedən illərdə bəzi yerli ekspertlər ölkə rəhbərliyini quruma sürətlə can atmasını pisləyir, şərtləri ətraflı öyrənməməkdə, çoxlu sayda güzəşt imkanlarını əldən verməkdə ittiham edirdilər. Həmin dövrdə ölkə iqtisadi böhran yaşayırdı, emal sənayesi inkişaf etmədiyi üçün ixracın əsasını xammal təşkil edirdi. Ona görə də danışıqlarda yüksək gömrük tarifi tələb etməyin mənası yox idi. Qırğızıstan DTT-yə daxil olmamışdan xarici ticarəti liberallaşdırmış, malların növündən asılı olmayaraq 10 faizli vahid idxal dərəcəsi müəyyən etmişdi. İstisna olaraq- inkişaf etməkdə olan ölkələrə 5 faiz, MDB və zəif inkişaf etmiş ölkələrə 0 faiz gömrük rüsumu tətbiq edilirdi. Qırğızıstanda ixraca subsidiyalar verilmirdi, aqrar sahəyə büdcədən göstərilən maliyyə dəstəyi kənd təsərrüfatı istehsalının 1 faizindən də az idi. DTT-yə daxil olmaqla Qırğızıstan heç də ekstremal vəziyyətlə və ya hər hansı ağır şərtlərlə rastlaşmadı. Əksinə ölkəyə beynəlxalq təşkilatlar tərəfindən geniş maliyyə yardımı olundu. Qırğızıstanın DTT-yə qəbulu ona bir çox üstünlüklər də verdi. Ekspertlər Qırğızıstan DTT-yə üzvlüyündən əldə etdiyi üstünlüyü onun müəyyən etdiyi rəqabətqabiliyyətli bazar iqtisadiyyatı kursunun formalaşdırımasında və möhkəmlətməsində görür. Rəsmi məlumatlara görə, üzvlükdən keçən 16 ildə yığılan gömrük rüsumunun məbləği 3 dəfə artıb. Mərkəzi Asiya Azad Bazar İnstitutunun apardığı tədqiqatlara görə, Qırğızıstanın mal və xidmət ixracı DTT-nin bütün üzvləri tərəfindən əlverişli rejimdə qarşılandığı üçün başqa bazarlarda rəqabət qabiliyətliliyini artırıb. Nəticədə mal dövriyyəsi sürətlə artıb. Belə ki, 1998-cü ildə 1,4 milyard dollardan başlayaraq 2010-cu ilə qədər 3,5 dəfə artaraq 5 milyard dollar təşkil edib. İxrac 2010-cu ildə 1998-ci illə müqayisədə 3,3 dəfə, idxal isə 3,7 dəfə artıb. 2001-ci ildə DTT-yə rəsmi şəkildə üzv olan Moldova ticarət qanunvericiliyini və DTT-nin əqli mükiyyətlə bağlı TRİPS sazişinin icrası üçün yeni qanunları, o cümlədən patent, müəlliflik hüququ, əmtəə nişanları və kommersiya sirri haqqında qanunları qəbul edib. Həmçinin, Moldovada Əqli Mülkiyyətin Qorunması üzrə Dövlət Agetliyi yaradılıb. Danışıqlar zamanı Moldova büdcə vəsaiti hesabına kənd təsərrüfatına yardım etmək hüququnu, spirtli içki bazarını, mebel biznesini xarici müdaxilədən müdafiə edə bilib. Bank xidmətləri sahəsində xarici banklar üçün ciddi tələblər qoyulub. Belə ki, əcnəbi banklara lisenziyanı Moldova Milli Bankı verir. Danışıqlar prosesində Avropa İttifaqına tədarük ediləcək bütün mallar, məhsullar üzrə 0 dərəcədə gömrük vergisi tətbiqini razılaşdırılması Moldova tərəfinin böyük uğuru kimi dəyərləndirilir. Bu Moldovaya ixrac potensialını əhəmiyyətli dərəcədə artırmaq imkanı yaradıb. Ölkənin DTT-yə üzvlüyü 2001-ci ildə ÜDM-in 2.1% artmasına imkan verib və bu müsbət artım növbəti yeddi il ərzində davam edərək 2008-ci ildə 7.2% səviyyəsinə çatıb, inflyasiyanın səviyyəsi aşağı düşüb. DTT-yə üzv olan Moldovanın ixracatının 80%-i hazırda əsas ticarət tərəfdaşı olan ölkələrə - Almaniyaya, Böyük Britaniyaya, Polşaya, Türkiyəyə və İtaliyaya yönəlib. Ancaq kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı ilə bağlı tariflərin endirilməsi Moldova üçün çətinlik yaradıb. Hökumət Doha Raundu çərçivəsində əlavə tarif azaltmaları öhdəliyindən azad olunmağı və eyni inkişaf səviyyəsinə malik digər ölkələrin istifadə etdiyi bütün alətlərə çıxış istəyib. Moldova kənd təsərrüfatı məhsullarına dəstək üzrə "de minimis" səviyyəni yerli istehsalın 10%-i həddinə çatdırmaq üçün bir neçə illik vaxt istəyib. Moldovada 2004-cü ildən yeni investisiya qanunu qəbul olunduqdan sonra ölkəyə birbaşa xarici investisiya axını artıb. Moldova bu sahədəki əsas investisiya mənbələri Almaniya, Fransa, Avstriya, Hollandiya, İtaliya və ABŞ olub. ABŞ-dan gələn investisiyalar daha çox telekommunikasiya, bank və daşınmaz əmlak, həmçinin kosmetika, qida və şərab sektorlarına yönəlib. Gürcüstan ən qısa müddətdə DTT-yə üz olan ölkələrdəndir. 1996-ci ildə DTT-yə qoşulmaq istəyini elan edib, 2000-ci ildə isə təşkilata tamhüquqlu üzv olub. Gürcüstanın tələsik üzvlüyü sonradan üzərinə düşən öhdəliklərin icrasına çətinlik yaradıb. Ölkə müvafiq inzibati və təşkilatı strukturun əvvəlcədən yaranmaması səbəbindən antidempiq tədbirlərinin reallaşdıra bilməyib. Gürcüstanın DTT-yə üzvlüyündən sonra xarici sərmayə elə də nəzərəçarpacaq dərəcədə artmayıb. Yalnız ilk illərdə, xüsusən 2001-ci ilin birinci yarısinda ümumi sərmayə strukturunda xarici firmaların və birgə müəssisələrin payı ciddi şəkildə artmışdı. Gürcüstanda xarici ticarət dövriyyəsi ilbəil artsa da, saldo həmişəki kimi idxalın xeyrinədir. Əgər 2000-ci ildə bu rəqəm 385 milyon dollar təşkil edirdisə, 2010-cu 1 624 milyon dollara qədər artıb. 2012-ci il avqustun 22-də DTT-yə rəsmən üzv qəbul edilən Rusiya o vaxta qədər qurumdan kənarda qalan ən böyük iqtisadiyyata malik ölkə idi. Ekspertlər Rusiyanın DTT-yə qəbulunun istehlakçılar üçün əlverişli olacağı qənaətindədirlər. Gömrük rusumlarının iki dəfə azalması hesabına pərakəndə satış qiymətləri 10-15 faiz azalıb. Qarşıdakı 7 ildə sənaye mallarına tətbiq olunan idxal rüsumlarının rüsumlar orta hesabla 11,1 faizdən 8,2 faizə düşəcəyi planlaşdırılır. Yerli ekspertlərin hesablamalarına görə, Rusiyanın DTT -yə qəbulu bu ölkəyə hər il təxminən 23 milyard dollar vəsait gətirəcək. MDB ölkələrinin DTT üzvlüyünün təhlili göstərir ki, bu təşkilata qoşulan ölkələrin xarici iqtisadi inteqrasiyası güclənir, ixrac potensialı artır, yeni texnologiyanın əldə olunması və tətbiqi sayəsində ölkə daxilində rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək imkanı yaranır, haqsız rəqabət və inhisarçılıq sıxışdırılaraq aradan çıxarılır, mal və məhsullar stabil qiymətlərlə təklif olunur. Təbii ki, inteqrasiya prosesi bir çox hallarda itkilərlə də müşahidə olunur. Lakin bütün hallarda risklərin qiymətləndirilməsi və idarə edilməsi potensial itkilərin minimuma endirilməsi hökumətin səmərəli fəaliyyətindən aslıdır. İqtisadi Tədqiqiatlar Mərkəzinin ekspertləri MDB ölkələri təcrübəsindən çıxış edərək ölkəmizin DTT-yə üzvlüyü ilə bağlı təkliflər hazırlayıb. Təkliflərdə ilk növbədə, dövlət idarəetməsinin demokratik, səmərəli və şəffaf sistemi yaradılması vurğulanır, iqtisadi qanunvericilik bazası, xüsusilə də Gömrük və Vergi Məcəllələri, məhkəmə islahatları, mülkiyyət hüquqlarının qorunması sisteminin təkmilləşdirilməsi zərurəti önə çəkilir. Mərkəzin ekspertləri hesab edirlər ki, Azərbaycan beynəlxalq ticarət qaydalarını, beynəlxalq hüququ və DTT tələblərini dərindən bilən kadr potensialının yaradılması istiqamətində işlərini gücləndirməlidir. Bunun üçün müvafiq ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisələrinin tədris proqramlarının yeniləşdirilməsi, ixtisas tələblərinin gücləndirilməsi, kadrların xaricdə tanınmış universitetlərdə təhsil alması təmin edilməlidir. Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi beynəlxalq ticarətin şərtləri və yeni qaydaları, DTT-yə qəbulun tələbləri və danışıqların gedişi barəsində məlumatlılığı artırmaq üçün regionlar və sektorlar səviyyəsində dəyirmi masalar keçirməlidir. Təkliflərdə digər mühüm bir məsələyə də toxunulub. Bu da Azərbaycanın DTT-yə qəbulunun sosial, iqtisadi və ekoloji nəticələrinin müəyyənləşdirilməsi və onun müxtəlif sektorlara, xüsusilə də kənd təsərrüfatı sahəsinə, regional inkişafa təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar genişləndirilməsidir. Mərkəzin ekspertləri biznes dairələrinin, vətəndaş cəmiyyəti və elmi-tədqiqat institutlarının nümayəndələrinin, KİV təmsilçilərinin iştirakı ilə qəbulun şərtləri üzrə açıq müzakirələr intensivləşdirilməsini də zəruri hesab edirlər. Sektorlar üzrə sahibkarların iştirakı da təmin olunmaqla maraq qrupları formatında müzakirələrin təşkil olunması və Azərbaycan Respublikası Hökumətlərarası Komissiyanın tərkibində Milli Elmlər Akademiyasının, Sahibkarlar Konfederasiyasının, QHT-lərin nümayəndələrinin təmsilçiliyi təmin edilməsi də hazırlanan təkliflər arasındadır. |
||||||
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |