Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Lisenziyalaşdırma: icazə, yoxsa?..
Lisenziyalaşdırma: icazə, yoxsa?..
Elxan - "Həftə içi" online ictimai-siyasi qəzet
25 noyabr 2013. Kiçik və orta sahibkarlığın inkişafı üçün lisenziyalaşdırma qaydalarının sadələşdirilməsi təklif olunur

Azərbaycanda lisenziyalaşdırma sahəsində ciddi islahatların aparılmasına, lisenziya və icazələrin sayının daha da optimallaşdırılmasına ehtiyac var. Çünki mövcud lisenziyalaşdırma tələblərinin mürəkkəbliyi, ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaradır, korrupsiya riskini yüksəldir. Lisenziyalaşdırma sahəsindəki mümkün islahatların mühüm istiqamətlərindən biri bütün növ icazə və lisenziyalaşdırma fəaliyyətlərinin meyarlarını və prosedurlarını özündə əks etdirən normativ-hüquqi aktın qəbul edilməsi ola bilər.

"Həftə içi"nin məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birgə "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində apardığı "Lisenziyalaşdırma fəaliyyəti: Beynəlxalq təcrübə və Azərbaycan reallığı" adlı tədqiqatın yekununda bu nəticəyə gəlib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə reallaşan tədqiqatın nəticələrinə əsasən, hazırda Azərbaycanda müxtəlif növ icazələr tətbiq olunur. Belə ki, indi ölkəmizdə 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy istənilir. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı isə 305-dir.

Tədqiqatda qeyd olunur ki, qanunvericilik lisenziya üçün müraciətçidən mövcud qaydalardan əlavə sənədlərin alınmasını qadağan etsə də, Azərbaycanda lisenziyalaşdırma və icazələrin verilməsi prosedurları region ölkələri ilə müqayisədə çox uzundur. Həmçinin müraciətçi lisenziyanın qüvvədə olduğu müddətdə onun əlavəsində göstərilməyən işlər və xidmətlərlə məşğul olmaq üçün yenidən müraciət etdikdə fəaliyyət növünə lisenziya verilməsinə görə nəzərdə tutulan dövlət rüsumu məbləğinin 50 faizini ödəyir.

Lisenziya sənədlərinə baxılması üçün müəyyən edilmiş müddətə yəlincə, burada da subyektivizmə səbəb ola biləcək az deyil. Belə ki, mövcud qaydalara əsasən, lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyyəti dövlət orqanına göndərilən müraciətə 5 gün müddətində baxılaraq rəy verilir. Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə müraciətçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və qərar qəbul edilir. Azərbaycan, Ermənistan və Gürcüstanda tikinti üçün icazələrin alınması prosedurlarının, tələb olunan günlərin və buna çəkilən xərcin müqayisəsi ölkəmizdə vəziyyətin digər region ölkələri ilə müqayisədə daha əlverişsiz olduğunu göstərir.

Maraqlıdır ki, bu nəticə "Doing Business"in bu il üçün hazırladığı reytinq hesabatında da əksini tapıb. Məsələn, bu beynəlxalq təşkilatın rəyinə əsasən, hazırda Azərbaycanda tikinti icazələrinin alınması üçün 28 prosedur mərhələdən keçmək lazımdır və həmin prosedurlara 212 gün vaxt sərf olunur. Bu isə həm region ölkələri arasında, həm də bütövlükdə Şəri Avropa və Mərkəzi Asiya ölkələri ilə müqayisədə xeyli çoxdur.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu lisenziya və icazələrin alınması sahibkarlara uzun zaman, böyük rəsmi və qeyri-rəsmi xərclər və bürokratik əngəllər hesabına başa gəlir. Bu səbəbdən də lisenziya əldə etmək üçün ödənilən vəsaitlərin adambaşına düşən milli gəlir norması əsasında yenidən tənzimlənməsi və lisenziya müddətlərinin bəzi istisnalarla daha da uzadılması, lisenziyalaşdırma prosesində iddialının həmin xidməti və ya istehsalı həyata keçirmək üçün yalnız minimum tələblərə cavab verməsinin şərt kimi qoyulması, yeri yaranan müəssisələrdə və ya xüsusi ekoloji standart tələb olunmayan "start-up"larda müraciətlər üçün qanunvericilikdə nəzərdə tutulan vaxt müddətində inzibati orqandan cavab olmadıqda lisenziyanın avtomatik verilmiş hesab edilməsi xüsusi önəm kəsb edir.

Bir islahatla 10 milyon manatlıq qənaət

Lisenziyalaşdırma sahəsindəki islahatlarin effektinə gəlincə, bu cür islahatlar satış həcminin artımına 5 faiz, innovasiya səviyyəsinin artımına 5 faiz, məhsuldarlığın artımına isə 22-30 fazilik müsbət təsir etmək imkanına sahibdir. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hesablamaları göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektor tərəfindən illik 10 milyon manat vəsaitə qənaət etməyə şərait yarada bilər.

Xatırladaq ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan İqtisadiyyat və Sənaye Nazirliyidir. Belə ki, hazırda bu qurumun lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərinini, normativ hüquqi aktların layihələrini hazırlamaq, dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət etmək və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar vermək, sənədlərin formasını müəyyən etmək, lisenziya blanklarının hazırlanmasını sifariş vermək və ölkədə vahid lisenziya reyestrini aparmaq kimi çeşidli səlahiyyətləri var. Üstəlik nazirliyinin lisenziyalaşdırma məsələləri üzrə verdiyi sərəncamlar mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

Liberallaşma olmalıdır ki...

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyir ki, artıq Azərbaycanda neft gəlirlərinin azalmağa başlaması ölkədə qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyi tələb edir. O, bu sırada kiçik və orta sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılmasını, lisenziyalaşdırma siyasətinin yüngülləşdirilməsini xüsusilə vurğulayır. Onun sözlərinə görə, dövlət strukturları, xüsusilə də Sənaye və İqtisadiyyat Nazirliyi bu sahədə liberallaşma meyillərini gücləndirməlidir: "Hamımız çalışmalıyıq ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı daha sürətlə getsin. Bunun üçün həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərməlidir. Çünki lisenziyalaşdırma prosesində subyektiv amillər o qədərdir ki, sahibkarlar öz bizneslərini qurmaqdan belə, çəkinirlər. Halbuki, neft gəlirlərinin azaldığı bu dönəmdə sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına daha çox dəstək verilməlidir ki, azalan neft gəlirlərinin yerini qeyri-neft sektorundan qazanılan gəlirlərlə doldurmaq mümkün olsun".

Sabit Bağırov hesab edir ki, kiçik və orta biznesi stimullaşdırmaq üçün lisenziyalaşdırma sistemində həm hüquqi, həm də institusional islahatlara ehtiyac var. Onun fikrincə, bu sahədəki institusional həll yollarından biri bütün lisenziyalar üçün "vahid pəncərə" sisteminin tətbiqidir: "Bu sistemə əsasən, bütün lisenziyaları əhatə edən "vahid pəncərə" sistemində lisenziya almaq üçün müraciətçi ayrı-ayrı dövlət qurumları əvəzinə vahid bir quruma və ya onlayn sistemə müraciət edir. Həmin vahid qurum daha sonra müraciətçinin təqdim etdiyi sənədləri baxılması üçün əlaqədar lisenziya vermək səlahiyyətli dövlət orqanlarına göndərir. Onlar sənədləri bəlli bir zaman çərçivəsi daxilində nəzərdən keçirildikdən sonra özlərinin cavablarını "vahid pəncərə"ni gerçəkləşdirən quruma, həmin qurum isə müraciətçiyə göndərir".

Xərcləri və vaxt itkisini necə azaltmalı?

Tədqiqat müəllifləri bildrirlər ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində əsas islahat 2002-ci ildə qəbul edilən və bəzi fəaliyyət sahələrinə lisenziyaların verilməsini tənzimləyən fərman hesab edilə bilər. Çünki həmin sənədlə həm lisenziyaların müddətləri uzadılıb, həm də lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayı bir xeyli azaldılıb. Bununla belə, 2002-2012-ci illərdə hökumət tədricən lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayını artırıb: "Buna paralel olaraq da lisenziyalaşdırma ölkədə xüsusən kiçik və orta sahibkarlıq subyektləri qarşısında bürokratik əngəllərdən birinə çevrilməyə başladı. Lisenziyaların verilməsində prosedurların uzunluğu, səbəb göstərilmədən lisenziya verilməsindən imtina, korrupsiya riski və resurs itkisi bu sahədə sahibkarların şikayət etdiyi əsas məsələlərdir. Azərbaycanda kiçik və orta sahibkarlıq da daxil olmaqla özəl sektorun fəaliyyətinin dövlət tərəfindən tənzimlənən aspektlərində, konkret olaraq, biznesin qeydiyyatı və yoxlamaları əhatə edən islahatlarla müqayisədə lisenziyalaşdırma sahəsində son 10 ildə islahatlar çox ləng gedib. Halbuki lisenziyalaşdırma sahəsindəki islahatlar müəssisələrin satış həcminin artımına, innovasiya səviyyəsinin artımına və hətta məhsuldarlığın artımına təsir etmək imkanına sahibdir. Hesablamalar göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektor tərəfindən illik milyonlarla manat vəsaitə qənaət etməyə şərait yarada bilər. Bundan sonrakı mərhələdə daha bir mühim istiqamət inzibati sadələşdirmə ola bilər ki, bu da lisenziya əldə etməyin xərcini və bu prosedəki vaxt itkisini müəyyən qədər azaltmağa yönələ bilər".

Tədqiqatın "tövsiyələr" hissəsində isə deyilir ki, biznes subyekti fəaliyyətə başlamazdan əvvəl ondan tələb olunan lisenziyaların sayını minimuma endirməlidir və tənzimləyici tədbirlər şirkət fəaliyyətə başladıqdan sonra həyata keçirilməlidir. Həmçinin bir sıra lisenziyaların məhz kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik olması nəzərə alınaraq bu kateqoriyadan olan şirkətlərə və ya fiziki şəxslərə lisenziyaların müddəti, dövlət rüsumu və verilmə qaydaları baxımından güzəştlər edilə bilər. Yeni yaradılan və daha çox innovasiya tutumlu fəaliyyətə yönələn orta müəssisələr, sosial-iqtisadi göstəriciləri ölkə üzrə ortalamadan aşağı olan bölgələrdə fəaliyyətə başlayan kiçik müəssisələr üçün lisenziyalaşdırma qaydalarının sadələşdirilməsi mümkündür.

 
 

1 ... 23 24 25 ... 31