TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Biznesə başlamaq fikrindəsənsə sahibkarlıq formasını seçməlisən
Biznesə başlamaq fikrindəsənsə sahibkarlıq formasını seçməlisən.
Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları
Mənbə: http://www.economy.gov.az

Sahibkarlıq fəaliyyəti ilə fiziki (hüquqi şəxs yaratmadan), yaxud hüquqi şəxs kimi məşğul olmaq olar:

a) Fiziki şəxs kimi:

- Fərdi sahibkarlıq

b) Hüquqi şəxs kimi:

- Tam ortaqlıqlar
- Kommandit ortaqlığı
- Məhdud Məsuliyyətli Cəmiyyət
- Səhmdar Cəmiyyəti
- Kooperativ

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malikdirlər.

Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin şəxslərin mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz boynuna götürməklə həyata keçirilir.

Hüquqi şəxslər

Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, həm də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər.

Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar: Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər kommersiya hüquqi şəxsləri sayılır. Qeyri-kommersiya hüquqi şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial, xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının ödənilməsi, insan hüquqlarını qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlər üçün nəzərdə tutulur.

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.

Tam ortaqlığın iştirakçıları nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Bu formada əmlakın formalaşma mənbələri əsas etibarı ilə iştirakçıların paylarından ibarət olur.

-Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər.
-Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və "tam ortaqlıq" sözləri daxil edilməli və ya "və ortaqları" sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.
-Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qaydada nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür.
-Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

Kommandit ortaqlığında ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqları) ilə yanaşı, ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı - maya qoyanı (kommanditçi) vardır.

-Kommandit ortaqlığın firma adında ən az bir tam ortağın adı və "kommandit ortaqlığı" sözləri əlavə edilməlidir.
-Kommanditçinin maya qoyması ona ortaqlıq tərəfindən verilən şəhadətnamə ilə təsdiqlənir.
-Kommanditçinin ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq, ortaqlığın illik hesabatları ilə tanış olmaq, maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə tutulan qaydada öz mayasını almaq və ya digər maya qoyana və ya üçüncü şəxsə vermək hüququ vardır.

Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət adlanır. Cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

-MMC-nin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində Səhmdar Cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə məhkəmə qaydasında ləğv edilməlidir.
-MMC-də ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cari rəhbərliyi isə icra orqanı həyata keçirir.

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət Səhmdar Cəmiyyəti adlanır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və onların əksəriyyətinin razılığı ilə satılan cəmiyyət Qapalı Tipli Səhmdar Cəmiyyəti adlanır. Səhmləri təsisçilərlə yanaşı kənar şəxslərə satıla bilən cəmiyyət Açıq Tipli Səhmdar Cəmiyyəti adlanır. Səhmdar Cəmiyyəti öz öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Səhmdarlar isə yalnız öz səhmləri həcmində məsuliyyət daşıyır.

Kooperativ fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa təlabatının onun üzvlərinin əmlak haqqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılır.

Kooperativin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
-kooperativ üzvlərinin qarşılıqlı yardım və iqtisadi faydalılığının tə`min olunması, mənafelərinin əlaqələndirilməsi;
-üzvlərin paylarının həcmindən asılı olmayaraq bir səsə malik olması (əsas qərarların səs çoxluğu ilə qəbul olunduğu ümumi yığıncaqda hər bir iştirakçı bir səslə iştirakçı iştirak edir);
-əməyin nəticələrinə hər bir üzvün marağının artması, yəni onların gəlirlərinin təsərrüfat fəaliyyətinin iqtisadi yekunları ilə sıx əlaqələndirilməsi;
-təsərrüfat qərarlarının qəbulunun demokratik xarakteri.

Sahibkarlıq formasının seçilməsi ilə bağlı məsələlər haqqında aşağıdakı videoçarxlara baxmağı tövsiyə edirik

 

 
 

--------------------------------------------------------------------- Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları

Sahibkarlıq fəaliyyəti üçün yer

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.