17 May 2025 |
||
![]() ![]() ![]() |
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
İqtisadçıların, qeyri-hökumət nümayəndələrinin iştirak etdiyi tədbirdə təşkilatın sədri Azər Mehtiyev bildirib ki, hazırda ölkəmizdə sahibkarlığın inkişafına mane olan çoxsaylı amillərdən biri də mövcud lisenziyalaşdırma və icazə sistemidir. Onun sözlərinə görə, mövcud sistem kiçik və orta sahibkarlığın fəaliyyətinə daha çox problemlər yaradır. Bunu nəzərə alaraq təşkilat kiçik və orta sahibkarlığın lisenziyalaşdırma və icazələrlə bağlı üzləşdiyi problemləri araşdırmaq qərarına gəlib. Sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması və icazələr sahəsində xarici və Azərbaycan təcrübəsi ilə bağlı təqdimatla çıxış edən ekspert Kənan Aslanlı bildirib ki, lisenziyalaşdırma əhəmiyyətli tədbirdir. Aslanlı qeyd edib ki, lisenziyalaşdırma istehlakçıların istehsal edilən məhsula inamını artırır, biznes subyektlərin istehsal etdikləri məhsulun keyfiyyətinə zəmanət rolunu oynayır və keyfiyyətə nəzarətə ilkin əsas yaradır. Lisenziyalaşdırmanın mənfi fəsadlarının olduğunu da deyən ekspert onun sahibkarlar üçün əlavə xərc yaratdığını, vaxt itkisinə səbəb olduğunu, biznes məhsuldarlığının azaltdığını, bürokratik təzyiq üçün əsas yaratdığını, rəqabət mühitini pisləşdirdiyini söyləyib. Aslanlının şərhinə görə, lisenziyalaşdırma sahəsində vəziyyətin sadələşdirilməsi sahibkarların biznes imkanlarını yaxşılaşdıra bilər. Onun sözlərinə görə, aparılan tədqiqat sübut edib ki, lisenziyalaşdırmanın sadələşdirilməsi məhsulların satış həcminin 5 faiz artmasına səbəb olur, məhsuldarlığı 30 faizə qədər artırır, sahibkarların innovasiya səviyyəsi 5 faiz yüksəlir. İcazələrdən də danışan ekspert bildirib ki, Azərbaycanda biznes subyektləri üçün hazırda 305 icazə tətbiq edilir: "Yalnız tikinti sahəsində icazələrin sayı 28-dir. İcazələrin alınması üçün lazım olan müddət isə 212 gündür. Gürcüstanda eyni məqsəd üçün 9, Ermənistanda 17, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında 14 icazə tələb olunur. Hazırda Azərbaycanda 12 dövlət təşkilatı var ki, verdiyi icazələrin sayı 10-dan artıqdır. Ən çox icazəni (35 icazə) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi verir". Lisenziyalaşdirma sahəsindəki mümkün islahatlarin istiqamətləri haqqında danışan Aslanlının fikrincə, bütün növ icazə və lisenziyalaşdırma fəaliyyətlərinin meyarlarını və qaydalarını özündə əks etdirən normativ-hüquqi akt qəbul edilməlidir. Eyni zamanda, yeni yaranan müəssisələrdə və ya xüsusi ekoloji standart tələb olunmayan layihələrdə müraciətlər üçün qanunvericilikdə nəzərdə tutulan vaxt müddətində inzibati orqandan cavab olmadıqda lisenziyanın avtomatik verilmiş hesab edilməsi təklif edilir. İqtisadçı Nazim Məmmədov hesab edir ki, ölkədə icazə və lisenziyalarla məsul olan vahid qurum yaradılmalıdır və bu sahədə bütün işlər həmin quruma həvalə edilməlidir. Azərbaycan Tacirlər Birliyinin sədri Sevgim Rəhmanova görəsə, Azərbaycanda lisenziyalaşdırmanın məqsədi bəlli deyil, indiki sistem insanların təhlükəsizliyini təmin etməkdənsə, pul toplamağa xidmət edir. Xatırladaq ki, Azərbaycan prezidenti 2011-ci ilin oktyabrın 26-da "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzalayıb. Bu fərmana əsasən, Nazirlər Kabineti ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq və icazə sisteminin yaradılması məqsədilə "Lisenziyalar və icazələr haqqında"qanun layihəsi 3 ay müddətinə hazırlanmalı idi. |
||||||
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |