Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Məmur sahibkarlığı dövlətə baha başa gəlir
Məmur sahibkarlığı dövlətə baha başa gəlir
Vüsalə Rüstəmova - "Bizim Yol" onlayn qəzet
03 oktybr 2013. İşçilərlə əmək müqavilələrinin bağlanmamasının kökündə bu amil dayanır

«Ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində son illər qabarıq nəzərə çarpan problemlərdən biri də işçilərin əmək müqaviləsi olmadan çalışdırılmasıdır. Rəsmi statistik məlumatlara əsasən, 2012-ci ilin sonunda ölkə iqtisadiyyatında çalışan 4.4 milyon məşğul əhalinin yalnız 1.48 milyon nəfəri muzdlu işçi olub, yəni əmək müqaviləsi ilə çalışanlar olub. Problemin ciddiliyi və həll olunması zəruriliyi hökumət tərəfindən də qəbul olunub və son illər bu istiqamətdə bir sıra addımlar atılıb». Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyinin sədri Azər Mehtiyev dünən keçirilən «Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları» adlı tədbirdə bildirib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev isə qeyd etdi ki, ölkəmizdə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi 35 faizi ötmür: «Bu o deməkdir ki, iqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqavilələri əsasında çalışır. Aqrar sektorda çalışınların cəmi 2,5 faizi, tikinti, ticarət, icimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40 faizi əmək müqaviləsi ilə çalışır.

Ölkə qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr nəzərdə tutulsa da, hətta son illər müvafiq dövlət qurumlarının yoxlama fəaliyyəti genişlənsə də, problemi tam həll etmək mümkün olmur».

Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbrləri həyata keçirməsini vacib hesab edir. Onun fikrincə, hər şeydən əvvəl, mövcud sistemin dəyişdirilməsi, yəni işəgötürənlərin işçi ilə bağlı maliyyə yükünün yüngülləşdirilməsi zəruridir: «Hazırda Azərbaycanda işəgötürənlərin məşğulluğa görə vergi yükü 29.1 faizlə, hətta bir sıra Avropa ölkələrindən belə yüksəkdir. Ekspert təklif edir ki, hazırkı şəraitdə sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün hazırkı 22 faizdən 15 faizədək endirilməsi məqsədəuyğundur.

İkinci təklif isə əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyinin yüksəldilməsi ilə bağlıdır». İqtisadçı hesab edir ki, əmək müfəttişliklərinin yoxlamalarının səmərəliliyinin artırılması və müavilələrin icrasına məsul qurumların əməkdaşlığının daha effektiv formalarının tapılması təmin edilməlidir. Burada əsas diqqət nəzarətin keyfiyyətinə və səmərəlilyinə yönəldilməlidir.

Daha bir mühüm məsələ əmək müqavilələrinin bağlanmaması ilə bağlı inzibati sanksiyaların sərtləşdirilməsidir. Bir sıra ölkələrdə sərt sanksiyalar yalnız əmək müqaviləsiz işçinin çalışdırılmasına görə pul cərimələrinin tətbiqilə məhdudlaşmır, həmçinin işəgötürənə həbs cəzasının kəsilməsi, müqaviləsiz çalışdarma faktının akşarlandığı müəssisələlərin müəyyən bir dövr üçün tenderlərə girişinin qadağan olunması, lisenziyalaşdırılan fəaliyyət olduqda lisenziyanın ləğvi kimi sanksiyalar da nəzərdə tutulur.

Nəhayət, zəruri fəaliyyət istiqamətlərindən biri də əmək müqavilələrinin təbliğilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin gücləndirilməsidir».

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə bildirdi ki, əmək müqavilələri ilə bağlı problemin kökündə əksər hallarda məmur sahibkarlığı dayanır: «Dövlət Əmək Müfəttişliyinin yoxlama fəaliyyətinə qoyulan bəzi məhdudiyyətlər də bu qurumun işinin effektini aşağı salan amil kimi çıxış edir: «Hazırda ölkədə on minlərlə insan dayə, aşbaz, xadimə, bağban, sürücü, mühafizəçi və s. işləri evlərdə yerinə yetirirlər. Lakin bu insanların fəaliyyətləri tam muzdlu əmək olduğu halda, onların əksəriyyəti ilə əmək müqavilələri bağlanmır. Bunun əsas səbəblərindən biri də Əmək Məcəlləsində ev qulluğu işlərində çalışanlarla əmək münasibətlərinin tənzimlənməməsidir».

S. Məmmədov Əmək Məcəlləsinə «sahibkar olmayan fiziki şəxs» anlayışının, habelə «Ev qulluğu işlərinə cəlb edilən şəxslərlə əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri» adlı fəslin daxil edilməsini zəruri hesab edir.

 
 

1 ... 16 17 18 ... 31