2013-cü ilin əvvəlindən Azərbaycanda sahibkarlar SKMF-in xətti ilə 270 mln. manatdan çox kredit alıblar |
İnterfax-Azərbaycan İA |
13 dekabr 2013. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 270,4 mln. manat kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir. |
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4 260 investisiya layihəsi maliyyələşdirilib.
"Bu layihələrin maliyyələşdirilməsi 11,75 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək", - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Göygöl rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 80-nə yaxın sahibkar iştirak edib.
İndiyədək SKMF-in xətti ilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 7 min investisiya layihəsinin həyata keçirilməsi üçün 132,2 mln. manat məbləğində güzəştli kredit verilib.
"Tədbir çərçivəsində 45 sahibkarlıq subyekti 545 min manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 70-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək", - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır.