"Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması" mövzusunda tədbir keçirilib |
Trend İA |
10 dekabr 2013. Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması" mövzusunda tədbir keçirilib. |
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə regionda sahibkarlığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın məsləhət və informasiya təminatının gücləndirilməsi imkanları müzakirə edilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gənc Sahibkarlar Şəbəkəsinin, Milli Məhsuldarlıq və Rəqabətə Davamlılıq Mərkəzinin, eləcə də Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri və regionda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Hazırda ölkə regionlarının sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı və digər proqramların icrası uğurla davam etdirilir. Bu proqramların uğurlu icrası nəticəsində bölgələrdə yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır.
Qeyd edilib ki, dövlət başçısının sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin davam etdirilməsi, sənayeləşmə, regionlarda sahibkarlığın inkişafı, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, özəl bölmənin inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrasını təmin etmək məqsədilə ölkənin iqtisadi rayonlarında tədbirlər keçirilir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə, o cümlədən, Quba-Xaçmaz iqtisadi rayonunda aqrar-sənaye inkişaf edir və beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli aqrar sənaye məhsulları istehsal edən müəssisələrin sayı davamlı olaraq artır. Tədbirdə aqrar-sənayenin inkişafı, istehsal olunan məhsulların rəqabət qabiliyyətliyinin artırılması istiqamətində tədbirlərin davam etdirildiyi və bu sahədə sahibkarlara hər cür dəstək göstərildiyi vurğulanıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Xaçmazın da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Bildirilib ki, Xaçmaz və ətraf rayonların təbii-iqlim şəraiti meyvə istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli meyvə sortlarına, emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
GİZ-in ölkə üzrə direktoru Henninq Tvesten çıxışında Azərbaycanda özəl sektorun inkişafına dəstək məqsədilə bir sıra layihələr həyata keçirdiklərini və bu çərçivədə fındıq ixracatçılarının kataloqunun hazırlanmasının sahibkarlığın təşviqinə yönəldilmiş növbəti addım olduğunu, belə tədbirlərin davamlı olacağını qeyd edib.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov təqdimatında sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə məlumat verib və aqrar-sənaye kompleksinin inkişafına bundan sonra da dəstək göstəriləcəyini vurğulayıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş məsləhətçisi Faiq Səmədov, nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğı, aqrar sənayenin hazırkı vəziyyəti, elmi təminat və kadr potensialının gücləndirilməsi, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat veriblər.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, "Fındıq ixracatçılarının kataloqu"nun təqdimatı keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az