TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Ombudsman Aparatının nümayəndəsi Cenevrədə BMT-nin illik forumunda iştirak edib
Ombudsman Aparatının nümayəndəsi Cenevrədə BMT-nin illik forumunda iştirak edib
Gün.az
09 dekabr 2013.İsveçrənin Cenevrə şəhərində BMT-nin biznes və insan hüquqları üzrə ikinci illik forumu keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı təmsil etmişdir.

Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, A. Səfixanlı Forum çərçivəsində keçirilən sessiyalarda çıxış edərək Azərbaycanda dövlət-sahibkar münasibətlərinin inkişaf etdirildiyini, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirildiyini, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirildiyini bildirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, onların yeni peşələrə cəlb edilməsinə yönəlmiş kursların təşkilinin nəzərdə tutulduğu, bu tədbirlərdən irəli gələn vəzifələrin icrası istiqamətində müvafiq dövlət qurumları tərəfindən geniş tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur.

Çıxışda, həmçinin Azərbaycan Ombudsmanının fəaliyyəti dövründə sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məsələsini diqqət mərkəzində saxladığı, Konstitusiya Qanunu ilə malik olduğu səlahiyyətlər çərçivəsində bu istiqamətdə əməli hüquq-müdafiə fəaliyyəti həyata keçirdiyi, aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələr irəli sürdüyü və bir çox problemlərin öz həllini tapdığı bildirilmişdir.

Azərbaycan Ombudsmanının təşəbbüsü ilə təsisatda "Biznes və insan hüquqları" üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri və QHT təmsilçilərindən ibarət tərkibdə işçi qrupunun yaradıldığı və bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır. Ombudsman Aparatı tərəfindən "BMT-nin qlobal saziş"inin, "Biznes və insan hüquqları üzrə rəhbər prinsiplər"inin Azərbaycan dilinə tərcümə olunduğu bildirilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, həmçinin vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsinə nail olmaq, peşəkarlıq səviyyəsini yüksəltmək, dövlət strukturlarına etimadı daha da artırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirilmək məqsədilə fəaliyyət göstərən və Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyəti barədə məlumat vermişdir. Bu mərkəzlərin insan hüquqlarının daha səmərəli təmini baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edildiyi, Konsepsiyanın başlıca strateji məqsədinin ölkəmizdə davamlı iqtisadi artım və yüksək sosial rifaha, səmərəli dövlət idarəetməsi və qanunun aliliyinə, insan hüquqlarının tam təmin edilməsi və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdan ibarət olduğu vurğulanmışdır.