Azərbaycan iş adamları beynəlxalq xalça-palaz sərgisinə dəvət olunub |
Aqşin Rafiqoğlu – APA-Economics. |
24 oktyabr 2013. Noyabrın 7-10-da İstanbulda (Türkiyə) beynəlxalq xalça-palaz sərgisi keçiriləcək. |
«APA-Economics»in məlumatına görə, İstanbul şəhəri «Domotex Middle East» beynəlxalq sərgisinə ikinci dəfə ev sahibliyi edəcək. Sərgi İstanbul Sərgi Mərkəzində keçiriləcək.
Türkiyə və Orta Şərqin ən böyük xalça-palaz sərgisi olan «Domotex Middle East» sərgisində əldə və maşında toxunan xalçalar, palaz, kilim və xalılar, həmçinin tekstil məhsulları, toxuma malları nümayiş etdiriləcək. Bununla yanaşı, sərgidə palaz və xalça təmizləmə əşyaları, mərmər, seramik yer örtükləri sərgi iştirakçılarına təqdim olunacaq.
Qeyd edək ki, ötən il «Domotex Middle East» sərgisinin iştirakçılarına ümumilikdə 7 771 kv. metr sahə ayrılmışdı. Sərgidə 28 ölkədən 222 şirkət iştirak edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) azərbaycanlı iş adamlarını sərgidə iştirak etməyə dəvət edir. Maraqlananlar Fonda müraciət edə bilərlər.