TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Azərbaycanda kiçik sahibkarlığın problemləri müzakirə edilir [Video]
Azərbaycanda kiçik sahibkarlığın problemləri müzakirə edilir [Video]
Tapdıq Fərhadoğlu, Pərvanə Bayramova - Amerikanın səsi
21 noyabr 2013. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən "Kiçik Sahibkarlığın Azərbaycanda inkişafı üzrə yol xəritəsi " konfransı keçirilir

Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses davam etdirilməlidir.

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi Ölkədə kiçik sahibkarlıq mühüm iqtisadi amilə çevrilməli, yeni iş yerləri açılmalıdır. Bu tezislər Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən "Kiçik Sahibkarlığın Azərbaycanda inkişafı üzrə yol xəritəsi " konfransının əsas istiqamətləri olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycanda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən keçirilən konfransa Amerikanın müvəqqəti işlər vəkili, Milli Məclisin deputatları, hökumət nümayəndələri və beynəlxalq təşkilatların, qeyri-hökumət qurumlarının təmsilçiləri, ekspertlər qatılıb.

Son beş ildə ABŞ-ın təşəbbüsü ilə dünyada iqtisadi inkişafı irəli aparan, yeni şirkətlər açan novatorlar, iş yerləri açanlar Qlobal Sahibkarlıq Həftəsini qeyd edir. Artıq bu həftə 131 ölkədə keçirilən tədbirlər vasitəsi ilə 25 milyon iştirakçını əhatə edir.

"Amerika hökumətinin dəstəyi ilə Azərbaycanın bir qrup beyin mərkəzləri (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünya Assosiasiyası, Gələcəyə Körpü Gənclər Təşkilatı) bir ildən çoxdur ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafı layihəsi üzərində işləyib konkret təkliflər və tövsiyələr paketi hazırlayıb. Bizim məqsədimiz ölkədə kiçik sahibkarlığın inkişafına kömək etməkdir", Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov qeyd edib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının 83 faizindən çoxu özəl sektora daxildir və sahibkarlar tərəfindən idarə olunur. Getdikcə iqtisadiyyatda dövlətin rolu azalmaqda davam edəcək. "Ölkədə bazar iqtisadiyyatı istiqamətində mühüm addımlar atılıb.

Qanunvericilik əsasən formalaşıb. Bununla yanaşı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var, sahibkarlıq, xüsusilə kiçik sahibkarlıq sahəsində problemlər. Bu problemlərin həlli üçün bu gün burada müzakirələr aparırıq", o qeyd edib.

Amerikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan sahibkarlığın inkişafını stabilliyə gətirən yol adlandırıb.

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi "Ölkələr şəxslərə özlərinin səyləri əsasında yarış imkanı versə bu şansdan yararlanmaq istəyən minlərlə insan tapa bilər. Həmin minlərlə insan fərdlər və cəmiyyət üçün daha böyük stabillik gətirən yollarla ölkəni yaxşılığa doğru dəyişə bilər. Sahibkarlıq məhz bundan ibarətdir", o qeyd edib.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, parlament ölkədə sahibkarlığın inkişafı üçün lazım olan bütün qanunları qəbul edib. Bunun nəticəsidir ki, özəl sektor iqtisadiyyatın 80 faizindən çoxunu təşkil edir.

Deputat sahibkarlıq sahəsində problemlərə də toxunu. Onun fikrincə, bu sahədə problemlər son zamanlar daha çox genişlənməkdədir.

"Xüsusilə son dövrlər bölgədə baş verən hadisələr, Rusiyadakı azərbaycanlı miqrantların geri dönməsi kiçik və orta sahibkarlığın inkişafını ön plana çıxarmağa səbəb olub. Biz hesab edirik, Azərbaycan hökumətinin kiçik sahibkarlığın inkişafı ilə bağlı xüsusi proqram qəbul etməsinə ehtiyac var. Rusiyadan gələn azərbaycanlıların dərhal işlə təmin olunması üçün kiçik sahibkarlığın inkişafına böyük ehtiyac duyulur".

V.Əhmədov ölkədə sahibkarlığın bütün sferalarda sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb. Amma problemlər də qalır. "Bu xüsusilə vergi tutma, vergi sistemi, sadələşdirilmiş vergi ilə bağlı problemlərdir".

Onun sözlərinə görə, 2012-ci ildən başlayaraq ölkədə neft hasilatı kəskin aşağı düşməkdədir. "İldə təxminən 5-6 faiz neft hasilatı aşağı düşür və bu proses davam edəcək. Vəziyyətdən çıxışın yeganə variantı qeyri-neft sektorunun inkişafıdır. Biz artıq bir neçə ildirki hər il qeyri-neft sektorunun inkişafına 10-11 faiz nail oluruq. Hesab edirik ki, sahibkarlığın, xüsusilə orta və kiçik sahibkarlığın strukturunda dəyişiklik yaradılmalıdır", o qeyd edib.

Son illər qeyri-neft sektorunun artım templəri təxminən 5 dəfə digər sektorların artım tempini üstələyir. "Amma iqtisadiyyatda kiçik sahibkarlığın payı təxminən 2 faiz ətrafındadır. Bu çox aşağı göstəricidir. Bu rəqəm Avropa iqtisadiyyatında 50-60 faiz təşkil edir. Amma, bizdə istifadə edilən anlayışlar Avropadan fərqlidir", Sabit Bağırov bildirib.