TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Şəkidə və Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib
Şəkidə və Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib
APA-Economics
20 noyabr 2013. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Avropa Birliyinə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzusunda təqdimat keçirilib.

Eyni zamanda, bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunun Göytəpə yaşayış məntəqəsində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün «Biznes planların və investisiya layihələrinin hazırlanması», «Marketinq» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

Tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumatlar verilib, «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib.

Tədbirdə həmçinin, marketinq anlayışı, marketinqin növləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən, «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə geniş məlumat verilib.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.