Saatlı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb |
Nail Hüseynli – APA-Economics |
13 noyabr 2013. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlardan prioritet sahələrdə maliyyələşdirmə üçün investisiya layihələrinin qəbuluna başlayıb. |
Fonddan «APA-Economics»ə bildirilib ki, noyabrın 7-də Saatlı rayonunda «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
SKMF tərəfindən Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodu, kiçik cins heyvandarlıq təsərrüfatı, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədə uyğun hesab edilib.
Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.