TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
Aqşin Rafiqoğlu – APA-Economics
02 noyabr 2013. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Fond oktyabrın 29-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun yaradılması və kiçik həcmli istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər.