TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 24 Dekabr 2024, Çərşənbə axşamı


Virtual Tədris
VERGİ VƏ SOSİAL SIĞORTA ÖHDƏLİKLƏRİNİN İCRASI
Sabit Bağırov.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar ya sadələşdirilmiş vergi ödəyir, ya da ƏDV məqsədləri üçün qeydiyyatdan keçir.

Siz biznesə yeni başlayırsınızsa və FƏRDİ SAHİBKAR kimi qeydiyyatda keçmisinizsə Vergi qanunvericiliyinə əsasən:

  1. Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 120 min manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda sahibkarlar mənfəət vergisi və ƏDV ödəməkdən azad olur, yalnız sadələşdirilmiş vergi ödəyir. Sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhəri üzrə 4%, rayonlarda isə 2% səviyyəsindədir;
  2. Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 120 min manatdan çox olan sahibkarlar ƏDV məqsədləri üçün qeydiyyata alınır. Bu halda xidmət dövriyyəsinin 18%-i həcmində ƏDV, mənfəətlərinin 20%-i həcmində isə mənfəət vergisi ödəyirlər.

Fərdi sahibkar təkbaşına işləyirsə, yəni müştərilərə bilavasitə özü xidmət göstərirsə, o, Dövlət Sosial Müdafiə Fonduna icbari sosial ödəniş etməlidir. Ödənişin məbləği qüvvədə olan minimum əmək haqqına faiz nisbətilə müəyyən olunur və hazırda aşağıdakı kimidir:

Fərdi sahibkarlar məcburi sosial sığorta ödənişlərini sahibkar kimi uçota alındığı tarixdən deyil, faktiki fəaliyyət göstərdiyi ərazilər üzrə müəyyən olunmuş məbləğ əsasında aylıq ödəməlidir. Məsələn, fərdi sahibkar Quba rayonunun ixtiyari bir kəndinin sakini kimi vergi uçotuna alınıbsa, amma sahibkarlıq fəaliyyətini Bakıda təşkil edirsə, bu halda hər ay 10,5 manat deyil, 21 manat icbari sosial ayırma ödəməlidir.
Sahibkar (fərdi sahibkar və ya hüquqi şəxs) özünün hər hansı biznes fəaliyyətinə işçilər cəlb edibsə, həmin işçilər muzdlu işçi kimi rəsmiləşdirilməli, onlarla əmək müqaviləsi bağlanmalı, maaş cədvəlinə uyğun olaraq həmin işçilərin hesablanmış aylıq əmək haqqı məbləğinin 22%­ i həcmində ayırma Dövlət Sosial Müdafiə Fonduna ödənməlidir.

Əgər Siz sahibkarlıq fəaliyyətiniz üçün icarəyə hər hansı yer götürmüsünüzsə və həmin yeri icarəyə verən tərəf hüquqi şəxs deyilsə, bu halda Siz büdcəyə vergi ödəməlisiniz. Bu vergi "ödəmə mənbəyində vergi" adlanır və aylıq icarə haqqının 14 faizinə bərabərdir.

Vergi ilə bağlı vacib tələblərdən biri də nəzarət kassa aparatlarının tətbiqidir. Vergi qanunvericiliyinə görə əgər Sizin biznes fəaliyyətinizi 2 nəfər (Siz daxil) həyata keçirirsə, kassa aparatından istifadəyə ehtiyac yoxdur. Belə sahibkarlıq fəaliyyəti zamanı nağd pul hesablaşmalarının aparılması üçün forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş, xüsusi lisenziyası olan mətbəələrdə çap olunmuş ciddi hesabat blanklarından (mədaxil qəbzlərindən) istifadə olunmalıdır.

Vacib qeyd!
Əgər Siz biznes yerinizi və ya yaşadığınız yeri dəyişirsinizsə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlisiniz. Müraciət etdiyiniz gündən sonra 15 gün müddətində həmin vergi orqanı Sizi yenidən uçota alınmanızı (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.