TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 24 Dekabr 2024, Çərşənbə axşamı


Azərbaycanda fermerlərin torpaqlarının qeydiyyatı ilə bağlı ciddi problemlər var
Azərbaycanda fermerlərin torpaqlarının qeydiyyatı ilə bağlı ciddi problemlər var
30.10.2013. Bu gün ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi tərəfindən “Azərbaycanda torpaq mülkiyyətçiliyinə dair qanunvericiliyin problemləri” mövzusunda dəyirmi masa  müzakirələri təşkil edib.

Müzakirədə dövlət qurumlarının, və beynəlxalq təşkilatların təmsilçiləri, deputatlar, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan İTY İctimai Birliyinin rəhbəri Azər Mehtiyev bildirdi ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasının və iqtisadi şaxələndirmə siyasətinin həyata keçirilməsinin mühüm istiqamətlərindən biri kənd təsərrüfatı istehsalının sistemli inkişafının təmin edilməsidir. Kənd təsərrüfatı torpaqlarının iqtisadi dövriyyəyə sərbəst daxil edilməsi və ölkədə torpaq bazarının formalaşması üçün torpaq mülkiyyətçiliyi sahəsində qanunvericiliyin təkmil olması çox vacibdir. Azərbaycan postsovet məkanında torpaq islahatının daha tez və sürətli həyata keçirildiyi ölkələrdən biri hesab olunur. Rəsmi məlumatlara əsasən, Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8,6 milyon hektar torpaq sahəsinin 4,8 milyon hektarı (55,8 faizi) kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 1.35 milyon hektarı (28.1 faizi) özəlləşdirilib – fermerlərin birbaşa istifadəsinə verilib. Lakin, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı araşdırmalar göstərir ki, indiyəcən də ölkədə kənd təsərrüfatı torpaqları üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə reallaşdırılmasına mane olan bir sıra problemlər qalmaqdadır. A.Mehtiyev bildirdi ki, problemin həlli istiqamətində təklif və tövsiyələrin hazırlanması üçün ABŞ BİA-nın dəstəklədiyi “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Fermer torpaqlarının qeydiyyatında mövcud olan problemlər və onların aradan qaldırılması yolları” mövzusunda araşdırma aparılıb. Bu günki dəyirmi masada həmin araşdırmanın nəticələri və hazırlanan tövsiyələri sizlərə təqdim edilir. Burada səslənən təkliflər nəzərə alınmaqla araşdırmanın təkmilləşdirilmiş variantı və tövsiyələr hökumətə təqdim ediləcək.

Tədbir iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və araşdırmalar barədə məlumat verdi. O bildirdi ki, torpaq mülkiyyətçiliyinə dair qanunvericiliyin problemləri kənd təsərrüfatı sahəsində çalışan sahibkar və fermerlərin fəaliyyətinə ciddi maneələr yaradır. O qeyd etdi ki, bu cür tədqiqatlar problemin həllinə yardımçı olmaq məqsədi daşıyır.

Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, araşdırmanın müəllifi Samir Əliyev “Fermer torpaqlarının qeydiyyatında mövcud olan problemlər və onların aradan qaldırılması yolları” mövzusunda təqdimatla çıxış etdi.

Təqdimatçı çıxışında bildirdi ki, ölkədə iqtisadi diversifikasiyanı prioritet elan edən hökumət kənd təsərrüfatını inkişafı üçün həmçinin torpaq bazarının formalaşmasının təmin etməlidir. Bu bazarın formalaşması fermer torpaqlarının qeydiyyatının təkmilləşdiriməsi, mürəkkəb  prosedurların sadələşdirilməsi ilə birbaşa bağlıdır.

Torpaq Məcəlləsinə əsasən, torpaq xüsusi mülkiyyətə ölkə vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Özəl mülkiyyətdə olan torpaq sahələri birbaşa, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə hərrac və müsabiqələr vasitəsilə satılır və ya icarəyə verilir.

Araşdırma göstərdi ki, istər pay torpaqlarının satışı və icarəyə veriməsi, istərsə də bələdiyyə mülkiyyətində olan torpaqların satışı və icarəyə verilməsi prosesində mövcud olan mürəkkəb prosedurlar fermerlərin işini xeyli çətinləşdirir. Fermerlər vaxt itkisi və əlavə xərclərlə üzləşirlər. Problemlər həm torpaqların satışı mərhələsində, həm də satışdan sonra dövlət reyestrində qeydiyyatı mərhələsində özünü göstərir. Torpağın satışı mərhələsində mövcud olan problemlər onun qeydiyyatı mərhələsində mənfi təsirini göstərir. Bələdiyyə torpağının tanınması üçün dövlət tərəfindən verilən aktların olmaması, torpağın sahibi öldükdə vərəsəlik prosedurlarına düzgün riyaət edilməməsi, özəl mülkiyyəti təsdiq edən müvafiq sənədlərin olmaması və s. kimi hallar torpağa sahib olan fermer üçün həmin torpağın qeydiyyata daxil edilməsində problemlər yaradır. Bunun nəticəsidir ki, bəzi hallarda özəl mülkiyyətdə olan torpaqların icarəyə verilməsi qeyri-rəsmi, “centlemen razılaşmaları” əsasında aparılır. Bu fermerləri əlavə vaxt itkisindən və xərcdən azad edir.

Notarial kontorlarda ehtiyac duyulmayan sənədlərin təsdiq etdirilməsi zəruriliyi, notarial təsdiq üçün fermerlərdən əlavə vəsait alınması fermerlərin xərcini artırmaqla yanaşı onları qeyri-rəsmi sövdələşmələrə sövq edir. Notaiat kontorlarında rüsumlar barədə məlumatların əlçatan olmaması fermerlərin məlumatsızlığı üçün zəmin yaradıb.

Fermerlərin və torpaq sahibi olan bələdiyyələrin əsas narazılığı Daşınmaz Əmlakın Reyestri Xidmətinin (DƏDRX) fəaliyyəti ilə bağlıdır. Hərrac və ya müsabiqə vasitəsilə satılmış torpaq üçün bu quruma 2 dəfə rüsum ödənilir. Bir torpaq hərraca çıxarılanda, bir də  hərracdan sonra. Bu ikiqat rüsum torpağın son satış qiymətində oturaraq onu bahalaşdırır və torpağa sahib olan fermer xərcini artırır. Bundan savayı sənədlərin əldə edilməsi prosedurunun uzun olması da Xidmətin işinin keyfiyyətini aşağı salır.

S.Əliyevin sözlərinə görə, araşdırma nəticəsində fermer torpaqlarının qeydiyyatını çətinləşdirən problemlər əsasən aşkar edilib:

Təqdimatçının sözlıərinə görə, tədqiqatın işlənməsi prosesində aparılan müşahidələr fermer torpaqlarının dövlət qeydiyyatına alınmasını ləngidən aşağıdakı instansiyaları müəyyənləşdirdi.

Hər iki instansiyada istər özəl mülkiyyətdə, istərdə də bələdiyyə mülkiyyətində olan torpaqların satışı və icarəsi prosesində rəsmi və qeyr-rəsmi xərclərin olması, əlavə vaxt itkisi, ikiqat rüsuma tutulma hallarına rast gəlinir. Bu problemlər daha çox bələdiyyə mülkiyyətində olan torpaqların dövlət qeydiyyatına alınması prosesində özünü qabarıq göstərir.

Sonda S.Əliyev fermer torpaqlarının dövlət qeydiyyatına alınması prosedurunu sadələşdirmək, əlavə xərclərin aradan qaldırılmasını təmin etmək üçün hazırladıqları tövsiyələri təqdim edib.

Bu tövsiyələr aşağıdakılardır:

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Asif Əsgərov çıxışında diqqəti hərracların üzərinə gətirdi. Onun sözlərinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların satılması üçün hərrac barədə məlumat qabaqcadan dövrü mətbuatda yerləşdirilməli və yalnız ondan sonra 1 ay müddətində hərrac keçirilməlidir. Eyni zamanda əlavə etdi ki, elektron xəritələr artıq bütün kənd bələdiyyələrinə verilib.

Tövsiyələrə toxunan iqtisadçı Nazim Məmmədovun fikrincə, bələdiyyə torpaqlarının hərrac vasitəsilə satılması və ya icarəyə verilməsi mexanizmi saxlanılmalıdır. Onun sözlərinə görə,  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dövriyyədə olan torpaqların səmərəliyini qiymətləndirmək üçün inspeksiyasını aparmalıdır.

İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Vahid Məhərrəmov torpaqların qeydiyyatında olan problemlerin torpaqlardan qanunsuz istifadəyə rəvac verdiyini söylədi. Ekspertə görə, hazırda qanunsuz olaraq torpaqların təyinatı dəyişdirilir. V.Məhərrəmov eyni zamanda vərəsəlik hüququndan sui-istifadə hallarının mövcudluğunu bildirdi və əlavə etdi ki, vəsiyyətnamələrin notarial qaydada təsdiqlənməməsi problemlər yarada bilər.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Cavid Abdullayev təmsil etdiyi Komitənin informasiya texnologiyaları sahəsində gördüyü işlərdən danışdı. Onun sözlərinə görə, bir sıra elektron xidmətlər artıq istifadəyə verilib və bu imkanlar qeydiyyat prosesini sadələşdirir.

Daha sonra digər çıxışçılar tədqiqat barədə rəy və təkliflərini bildirdilər.

 

 

 

"Fermer torpaqlarının qeydiyyatında mövcud olan problemlər və onların aradan qaldırılması yolları". Müəllif: Samir Əliyev (İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi). Təqdimat.