TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Kiçik sahibkarlıq subyektləri arasında üzbəüz sorğunun nəticələri barədə
Kiçik sahibkarlıq subyektləri arasında üzbəüz sorğunun nəticələri barədə
Mətbuat üçün açıqlama
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəklədiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində, 07 mart – 17 aprel 2013-cü il tarixində, Azərbaycan Respublikası ərazisində 1000 (bir min) kiçik sahibkarlıq subyekti arasında üzbəüz sorğu həyata keçirilmişdir. Sorğu Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi tərəfindən aparılıb.

Sorğu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Azərbaycanın 17 inzibati rayoununu əhatə edir. Sorğuda iştirak etmiş 1000 respondentin 9,2% - hüquqi və 90,8% fiziki  şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs) olmuşdur. Sahibkarlıq subyektlərinin iqtisadiyyatın sahələri üzrə bölgüsü isə belə olmuşdur: 1) Ticarət – 30,0% ; 2) Xidmət – 30,0%; 3) İstehsal  – 20,0%; 4) Kənd təsərrüfatı – 20,0% (%-lər yuvarlaqlaşdırılıb). Sorğu 47 sualdan ibarət anket üzrə keçirilmişdir. Sorğu anketinə  biznesin mövcud vəziyyəti, dövlət orqanları tərəfindən keçirilən yoxlamalar, lisenziyaların alınması, daşınmaz əmlakın qeydiyyatı, Sahibkarlığa Kömək Milli Fondunun işi, vergi sistemi ilə əlaqədar və bir çox digər suallar daxil edilmişdir.

Sorğunun həyata keçirilməsi, lazımi məlumatların toplanması, sorğu nəticəsində əldə edilmiş məlumatların xüsusi statistik proqram (SPSS) ilə işlənməsi və nəticələrin analizi prosesində yüksəkixtisaslı mütəxəssislər iştirak etmişdir.

Sorğu prosesində respondentlərin verdiyi cavablar aşağıdakı nəticələri əldə etməyə imkan verir:

1. Rəy sorğusu prosesində anonimliyin qorunub saxlanacağı elan olunmasına baxmayaraq, bəzi respondentlərin sorğuya bir qədər ehtiyat ilə yanaşması hiss olunmuşdur.

2. Ümumilikdə sorğu prosesində əldə olunmuş nəticələrə əsasən, respondentlərin 41%-i son iki ildə biznes mühitində ciddi dəyişikliyin baş vermədiyini, 32,3% respondent qismən yaxşılığa doğru, 10,1% respondent isə “Tam yaxşlığa doğru”,  dəyişikliklərin baş verdiyini vurğulamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, sorğuda iştirak edən sahibkarlar arasında son illərdə biznesinin azaldığını qeyd edən sahibkar olmamışdır.

3. Araşdırma nəticəsində o da məlum olmuşdur ki, dövlət orqanları tərəfindən sahibkarları il ərzində ən çox yoxlayan orqan Vergilər Nazirliyi, ən az yoxlama aparanlar isə MTN və Rayon İcra Hakimiyyətləridir. Eyni zamanda sahibkarları tez-tez yoxlayan orqanlar içərisində Polis birinci yerdədir.

4. Rəy sorğusu nəticəsində məlum olur ki, kiçik sahibkarlıq subyektləri öz fəaliyyətləri ilə bağlı lisenziya alınmasına geniş müraciət edirlər. Əldə olunmuş nəticələr bu sahədə müəyyən problemlərin mövcud olduğuna işarə edir. Belə ki, layihə iştirakçısı olan və lisenziya alınması üçün müraciət edən respondentlərin 45,1%-i və ya 151 respondent bu məsələ ilə əlaqədar müəyyən narazılıq bildirmişdir (əsas çətinliklər: dövlət orqanlarında sürünürməçlik, lisenziyaların qısa müddəti, müxtlif dövlət qurumlarından bir çox arayışların toplanması və s.).

5. Daşınmaz əmlakın qeydiyyatı ilə əlaqədar verilmiş sualların cavablarından məlum olur ki, müraciət etmiş kiçik sahibkarlıq subyektlərinin 35,8%-i və ya 167 respondent müxtəlif problemlərlə üzləşmişdir (əsas çətinliklər: dövlət orqanlarında sürünürməçlik,  müxtlif dövlət qurumlarından bir çox arayışların toplanması, qaydaların birmənalı və aydın olmaması və s.).

6. Rəy sorğusu prosesində kiçik sahibkarlıq subyektlərinin Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığı haqqında suallar da verilmişdir. Son iki il ərzində Fondun öz fəaliyyətini regional səviyyədə genişləndirməsinə baxmayaraq sorğuda iştirak etmiş respondentlərin yalnız 18,1%-i və ya 181 respondent Fonda müraciət etdiyi və onların da təqribən üçdə ikisinin (61,3% və ya 111 respondent) kredit əldə etdiyi müəyyən olunmuşdur.

7. Sorğuda iştirak etmiş kiçik sahibkarlıq subyektləri vergi sistemində daha çox vergi dərəcələrinin aşağı salınması istəyini bildirmişlər. Eyni zamanda, məlum olmuşdur ki, vergilərin elektron ödənişi imkanlarından hələ də tam istifadə olunmur. Bu da ilk növbədə elektron ödəniş sistemi haqqında sahibkarların az məlumatlı olduğuna işarə edir. Məlumatlar həmçinin kompüterlərin və internetin hələ də respublikamızı tam əhatə etmədiyi ilə bağlı problemlərin də olduğu nəticəsinə gəlməyə imkan verir.

8. Araşdırmada iştirak edən 13,4% və ya 134 respondent kiçik sahibkarlıq subyektinin xarici ticarət fəaliyyəti ilə məşğul olduğunu müəyyənləşdirilmişdir. Xarici ticarət fəaliyyəti ilə məşğul olmuş respondentlərin 48,5%-i və ya 97 respondent sənədlərin rəsmiləşdirilməsi prosedurlarının sayının və mürəkkəbliyinin olduqca çox olduğunu bildirmişdir.

9. Sorğu prosesində yalnız 6,3% və ya 64 respondent şirkət bağlamalı olduğunu bildirmişdir. Həmin respondentlərin 31,7%-i və ya 20 respondent şirkət bağlayarkən sənədlərin rəsmiləşdirilməsi prosedurlarının sayı və mürəkkəbliyindən narazılıq etmişdir.

10. Sorğuda iştirak etmiş kiçik sahibkarlıq subyektlərinin 29,2%-i və ya 292 respondent tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar icazə almalı olduğunu bildirmişdir. Həmin respondentlərin 35,6%-i və ya 104 respondent icazənin rüşvətsiz almağın qeyri-mümkün olduğunu qeyd etmişlər.

11. Eyni zamanda, respondentlər qanunvericilik haqqında məlumatları daha çox televiziya və müvafiq nazirliklərin internet səhifəsindən əldə etdiklərini bildirmişlər ki, bu da gələcəkdə məhz adı çəkilən vasitələrdən istifadə etməklə təbliğatın daha da gücləndirilməsinə zəmin yaradır.

12. Sorğu iştirakçısı olan kiçik sahibkarlıq subyektlərindən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşması ilə əlaqədar verilmiş sualın cavablarından məlum olmuşdur ki, yalnız 29,0% və ya 290 respondent bu haqda tam məlumatsızdır. Digər respondentlər bu və ya digər şəkildə bu haqda məlumatlı olduğunu bildirmişdir.

Sorğuya dair tam hesabatla aşağıdakı Veb-səhifədə tanış olmaq mümkündür:
www.edf.az

Telefonlarımız:
İlkin Qarayev –        050-214-2410
Sabit Bağırov –         055-214-0732

 

24 İyul 2013

Əlavə:

  1. “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində 1 000 (bir min) kiçik sahibkarlıq subyekti arasında keçirilmiş üzbəüz sorğunun nəticələri ilə əlaqədar HESABAT
  2. 1000 kiçik sahibkarlıq subyekti arasında keçirilmiş sorğu nəticələrinin bəzi dəyərləndirmələri
  3. Foto şəkillər