Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında |
Azərbaycan Respublikası Prezidentinin Fərmanı |
Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müvafiq fəaliyyətlə məşğul olmaq üçün yaradılmış və büdcədən maliyyələşdirilən, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəssisə və ya təşkilatlar xüsusi razılıq (lisenziya) almadan bu fəaliyyət növləri ilə məşğul ola bilərlər.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, hərbi silah və sursatların istehsalı və satışı, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, radioaktiv, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.
Bu bənddə göstərilən fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəqiqləşdirilir və təsdiq edilir.
3. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə"nin 8-ci bəndinin birinci abzasından sonra aşağıdakı məzmunda əlavələr edilsin:
"Bank fəaliyyəti və valyuta əməliyyatlarının aparılması" fəaliyyəti üzrə lisenziyanın verilməsi qaydalarını Azərbaycan Respublikasının Milli Bankı təsdiq edir.
Müəyyən edilsin ki, xüsusi razılıq (lisenziya) verilməsi qaydaları təsdiq olunduğu gündən 3 ay müddətində lisenziyalaşdırılan fəaliyyət növü üzrə sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər lisenziya verən orqanlardan lisenziya almalıdırlar".
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti qüvvədə olan qanunvericiliyin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 28 mart 2000-ci il
№ 310