Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri haqqında
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə verilən müxtəlif növ sertifikat, şəhadətnamə, xüsusi razılıq və bu kimi digər sənədlərin verilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə müxtəlif növ sertifikat, şəhadətnamə, xüsusi razılıq və bu kimi digər sənədlər yalnız müvafiq olaraq Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydalarda verilir;
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq subyektlərinə sertifikat, şəhadətnamə və xüsusi razılığın verilməsi sahəsində müvafiq qanunvericiliyə riayət edilməsinə nəzarəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin fərmanlarında nəzərdə tutulmayan sahibkarlıq fəaliyyətinə müxtəlif növ sertifikat, şəhadətnamə, xüsusi razılıq və bu kimi digər sənədlərin verilməsi qadağan edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 495 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə"nin 10.44-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"10.44. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq subyektlərinə sertifikat şəhadətnamə və xüsusi razılığın verilməsi sahəsində müvafiq qanunvericiliyə riayət edilməsinə nəzarəti həyata keçirir;".
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə verilən müxtəlif növ sertifikat, şəhadətnamə və bu kimi digər sənədlərin (xüsusi razılıq (lisenziya) istisna olmaqla) siyahısını və verilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti