Sahibkarlığın Türkiyə nümunəsi (II yazı) |
Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) -"Ekspres" onlayn qəzet |
15 avqust 2013. Türkiyədə kiçik və orta sahibkarlığa verilən dövlət dəstəyini həyata keçirən KOSGEB-in (Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsi) girişimçilərə (sahibkarlığa başlamaq istəyənlərə) verdiyi dəstək barəsində birinci yazımızda söhbət açmışdıq. Bu yazımızda isə daha geniş bir maddi dəstək formasından - KOBİ-lərə (kiçik və orta ölçülü müəssisələrə) verilən dəstəkdən danışacağıq. |
![]() |
Əvvəlcə, deyim ki, KOSGEB-in çox mükəmməl bir elektron məlumat bazası var. Bu idarədən dəstək almaq istəyən kiçik və orta müəssisə sahibi və girişimçi mütləq həmin məlumat bazasında (www.kosgeb.com.tr) elektron qeydiyyatdan keçməlidir.
Qeydiyyat zamanı qeydiyyatçının kiçik və orta müəssisə olmasını təsdiqləmək üçün ondan müəyyən sənədlər tələb olunur. Qeyd edim ki, vergi və kredit öhdəliyi olan KOBİ-lər qeydiyyata götürülmür. Türkiyə qanunvericiliyinə görə, ildə 250-dən az işçi çalışdıran, illik gəliri 40 milyon Türk lirəsindən (hazırki kursla təxminən 21 milyon dollar) az olan təsərrüfat subyektləri orta müəssisələr adlanır. İldə 50-dən az işçi çalışdıran, illik gəliri 10 milyon Türk lirəsindən (hazırki kursla təxminən 5 milyon dollar) az olan təsərrüfat subyektləri isə kiçik müəssisə sayılır. Hər ikisinə isə KOBİ deyilir.
Qeydiyyatdan uğurla keçən kiçik və orta sahibkarlar KOSGEB-in xidmət mərkəzlərinə dəstək üçün müraciət edə bilərlər. 2012-ci ilin sonuna olan statistikaya görə, Türkiyənin 71 vilayətində KOSGEB-in Xidmət Mərkəzi var. Elə həmin ildə KOBİ-lərə 300 milyon Türk lirəsi (157 milyon dollar) maddi kömək göstərilib. Hazırda KOSGEB-in məlumat bazasında qeydiyyatdan keçən kiçik və orta müəssisələrin sayı 700 minə yaxındır.
Bir vacib nüansı da qeyd edim. KOSGEB Türkiyəni inkişaf səviyyəsinə görə 6 bölgəyə bölüb. Dəstəklər verilən zaman daha az inkişaf eləmiş bölgəyə daha çox maddi dəstək verilir, güzəşt edilir. Məsələn, Ankara, İstanbul 1-ci bölgəyə, Adana, Ərdahan 2-ci bölgəyə, Qars, İgdır dördüncü bölgəyə aiddir.
Sizi artıq statistik məlumatla yormaq, yükləmək istəmirəm. Yalnız ən vaciblərini diqqətinizə çatdırıram. Düşünürəm ki, KOBİ-lərin Türkiyə iqtisadiyyatında oynadığı mühüm rolu təsəvvür etmək baxımından aşağıdakı faktlar Sizə yardımçı olacaq: Türkiyədə bütün müəssisələrin 99.89%-ni təşkil edən kiçik və orta müəssisələrin payına, ölkə üzrə məşğulluğun 76.3%-i, ödənilən cəmi əlavə dəyər vergisinin 55%-i, cəmi satışın 66%-i, bütün sərmayələrin 50%-i, toplam ixracın 60%-i düşür.
KOSGEB KOBİ-lərə aşağıdakı dəstək proqramlarını həyata keçirir:
-Ümumi dəstək proqramı;
-Layihələrə verilən dəstək proqramı;
-"Tematik layihə" dəstək proqramı;
-"İşbirliyi-gücbirliyi" dəstək proqramı;
-"Araşdırma-inkişaf etdirmə və Tətbiqi sənaye" dəstək proqramı;
- İŞGEM (İş Geliştirme (inkişaf etdirmə) Merkezi) proqramı;
- "İnkişaf edən müəsisələr bazarı" dəstək proqramı;
- "Kredit faizi" dəstək proqramı;
- KOSGEB laboratoriya xidmətləri.
Ümumi dəstək proqramı. Bu dəstək proqramı kiçik və orta müəssisələrin idarəetmə qabiliyyətlərini və təşkilati təkmilləşməsini nəzərdə tutur. Bu proqram tədris, konsaltinq, ölkədaxili sərgilərdə iştirak, xarici işgüzar səfərlər, tanıtım, iş yerlərinin açılması, enerjidən səmərəli istifadə, layihələndirmə, test, təcrübə kimi fəaliyyətlərə maddi dəstək verir. Proqram çərçivəsində verilən bütün maddi dəstəklər əvəzsidir. Onların bir neçəsinin ən yüksək həddinə nəzər salaq:
1. Ölkədaxili sərgidə iştirak - 30 min Türk lirəsi (hazırki kursla təxminən 15 500 dollar)
2. Xarici işgüzar səyahət - 10 min Türk lirəsi (5200 dollar)
3. Tanıtım dəstəyi (bukletlərin, broşurların çapı və sair) - 15 min Türk lirəsi (8 min dollara yaxın)
4. Konsaltinq dəstəyi- 15 min Türk lirəsi
5. Mütəxəssislər üçün yeni iş yerinin açılması - 20 min Türk lirəsi (1100 dollar) və sair
Bu dəstəyin həyata keçirilməsinə ildə bütövlükdə 220 min türk lirəsi (təxminən 115 min dollar) ayrılır. Dəstəkləmə səviyyəsi birinci və ikinci bölgələrdə 50%, üçüncü, dördüncü, beşinci və altıncı bölgələrdə 60%-dir.
Layihələrə verilən dəstək proqramı. Müəssisələr tərəfindən konkret problemlərin aradan qaldırılması məqsədilə hazırlanan layihələrə verilən dəstəkdir. Məqsəd KOBİ-lərdə layihə mədəniyyətinin və şüurunun formalaşdırılması və inkişaf etdirilməsi, elastiki (əsnək) dəstək sisteminin yaradılmasıdır.
Proqramın müddəti 3 ildir. Layihənin müddəti 6-24 ay olmalıdır. Bu dəstəklər üçün maksimum məbləğ 150 min türk lirəsidir (78 500 dollar), əvəzsiz verilir. Daha çox istehsal, marketinq, ixrac yönlü layihələrə üstünlük verilir. Layihənin dəstək səviyyəsi birinci və ikinci bölgə üçün 50%, yerdə qalan 4 bölgə üçün isə 60%-dir.
"Tematik layihə" dəstək proqramı. Bu dəstək proqramının məqsədi kiçik və orta müəssisələrin özlərini inkişaf etdirmələri və onların peşə birlikləri tərəfindən daha çox layihə hazırlamağa təşviq edilməsidir. Dəstək proqramı çərçivəsində hökumətin makrostrateji proqramlarında nəzərdə tutulan tematik sahələrdə bölgə və sektor ehtiyaclarının qarşılanmasını və KOBİ-lərin beynəlxalq qanunvericiliyin tələblərinə və prioritetlərə uyğunlaşdırılmasını təmin edəcək layihələrə üstünlük verilir. Proqramın müddəti 36 aydır. Layihə ən azı 24 ay davam etməlidir. Bu dəstək proqramında da əvəzsiz olaraq 150 min Türk lirəsinin (78 500 dollar) verilməsi nəzərdə tutulur. Bölgələr üzrə dəstək səviyyəsi bundan əvvəlki proqramdakı kimidir.
"İşbirliyi-gücbirliyi" dəstək proqramı. Bu dəstək proqramı KOBİ-lərin birlikdə hazırladığı (ən azı 5 KOBİ) ortaq layihələrə vəsait ayırır. Məqsəd kiçik və orta müəssisələrin "ortaq problemlərə ortaq çarələr tapması", tədarük, marketinq, zəif istehsal gücü, konsaltinq kimi problemləri aradan qaldırmaq, yerli firmaların rəqabət qabiliyyətini artırmaqdır. Ortaqlıq modeli müəssisələrin ya mövcudluğunu qoruyaraq, ya da bir KOBİ-nin timsalında birləşərək inkişaf etdirilməsini nəzərdə tutur. Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər dəstəklənir:
- Xammal, yarımfabrikat, hazır məhsul, logistika və digər xidmətlərlə daha tez və daha ucuz təmin edilmə;
- Müştərinin və bazarın tələbi əsasında məhsul və xidmətin inkişaf etdirilməsi, onların yeni bazarlara çıxarılması;
- Məhsul və xidmətin keyfiyyətini yüksəltməklə yerli firmaların beynəlxalq bazarlardakı paylarını artırmaq;
- Məhsul və xidmət standartını yüksəltmək məqsədilə yeni laboratoriyanın qurulması və sair.
Layihə 6-24 arası həyata keçirilməlidir. Bir layihə üçün əvəzsiz olaraq masksimim 250 min Türk lirəsi (131 min dollar), geri ödəmə şərtilə isə 500 min Türk lirəsi (262 min dollar) verilir.
Araşdırma-İnkişaf etdirmə və Tətbiqi sənaye dəstək proqramı. Bu proqramın məqsədi elm və texnologiya sahəsində yeni ideya və kəşfləri olan KOBİ-ləri, bir başqa sözlə, innovativ fəaliyyətləri dəstəkləməkdir. Məqsəd universitetlərdə edilən elmi kəşf və tapıntıların istehsala təbiqini sürətləndirməkdir. Layihənin müddəti ən azı 12 ay, ən çoxu 24 ay olmalıdır. Tətbiqi sənaye proqramının müddəti isə ən çox 18 ay olmalıdır. Hər iki fəaliyyət üçün müddət 12 ay uzadıla bilər. Proqram çərçivəsində müəssisənin kirayə pulunun ödənilməsindən tutmuş avadanlıq, proqram təminatının hazırlanmasına kimi müxtəlif ehtiyaclarının ödənilməsi dəstəklənir ki, təki ortaya yeni, dünya bazarında rəqabətə davam gətirəcək məhsul qoyulsun.
Bəzi fəaliyyətlər 75 faiz səviyyəsində dəstəklənir. Məqsəd yeni məhsulda müsəssisənin də payının olmasını təmin etməkdir. Dəstəyin maksimum məbləği 1 milyon Türk lirəsinə (524 min dollar) qədər yüksələ bilər.
Türkiyədə olarkən Ankaranın yaxınlığındakı OSTİM sənaye şəhərciyində yeni texnologiyaların tətbiqi üzərində işləyən bir neçə müəssisədə olduq. Onlardan biri univeristetlərdə tədris prosesində istifadə olunan mikroskop, digər ikisi isə vaxtından tez və problemli doğulmuş (ağciyər çatışmazlığı, sarılıq xəstəliyi olan və sair) uşaqlar üçün tibbi beşik istehsal edirdi. Xüsusilə, mikroskop istehsalı sahəsində ixtisaslaşmış bu kiçik müəssisə bizi çox qürurlandırdı. Bəlkə də deyəcəyim fakt sizə mübağiləli, əlçatmaz görünə bilər, amma bu, inkişaf edən Türkiyə reallığıdır. 10-a yaxın işçisi olan türk firması ABŞ-ın Harvard Universitetinə nanotexnologiyalar əsasında istehsal etdiyi mikroskop satmışdı.
Beşik istehsal edən firmalar isə Türkiyədə bu sahədə ixtisaslaşmış 4-5 müəssisələrdəndir. Universitetin tibb fakültəsinin professorları ilə birlikdə çalışan mühəndislər beşiyi təkmilləşdirməklə yanaşı, onun maya dəyərini 2 dəfədən çox aşağı sala bilmişdilər. Firma nümayəndələrinin dediyinə görə, artıq Türkiyə bu cür tibbi beşikləri idxal etmir, üstəlik xaricə ixrac edirlər.
İŞGEM proqramı. Bu dəstək proqramı həm kiçik və orta müəssisələr, həm də giriçimçilər üçün nəzərdə tutulub. İŞGEM bizim bildiyimiz biznes inkubatorudur. İŞGEM-i qurmaq üçün bələdiyyələr, universitetlər, özəl şirkətlər, peşə birlikləri,qeyri-kommersiya təşkilatları KOSGEB-ə maddi dəstək üçün müraciət edə bilərlər. KOSGEB-in dəstəyi ilə Türkiyədə artıq 16 İŞGEM qurulub, 17-cisinin isə bu il əzrində İspartada fəaliyyətə başlaması planlaşdırılır.
KOSGEB İSGEM-in qurulması üçün (bina, mebel, idarə xərcləri və sair) 750 min Türk lirəsi, işlədilməsi üçün isə 100 min Türk lirəsi, cəmi 850 min (445 min dollar) vəsait ayırır.
KOSGEB ziyarətimiz zamanı Türkiyənin kiçik və orta sahibkarlıqla bağlı tanınmış eksperti Necla xanım İŞGEM-lərlə bağlı yaranmış problemlərdən də danışdı. Onun sözlərinə görə, bu tip biznes inkubatorları üçün binanın ya dövlət, ya bələdiyyə, ya da hansısa özəl qurum tərəfindən bağışlanılması İŞGEM-in uğurlu fəaliyyəti üçün şərtdir. Necla xanım artıq İSGEM qurmaq istəyənlərə binanın olmasının bir şərt kimi qoyulduğunu da bildirdi.
"İnkişaf edən müəsisələr bazarı" dəstək proqramı. Proqramın məqsədi kiçik və orta müəssisələrin İstanbul Fond Birjasına çıxışına şərait yaradılması və bu minvalla yeni investisya cəlb olunmasını təmin etməkdir. Maddi dəstəyin maksimim məbləği 100 min Türk lirəsidir (52 min dollar).
"Kredit faizi" dəstək proqramı. Proqram çərçivəsində əsas risk banka aid olmaq şərtilə KOBİ-lərə verilən kreditin əsas hissəsi, faizi, komisyon və başqa xərcləri KOSGEB tərəfindən (ya bütünlüklə, ya da qismən), digər xərcləri isə (vergi öhdəlikləri, sənədləşmə xərcləri və sair) müəssisə tərəfindən ödənilir. "Kredit faizi" dəstək proqramının maksimum müddəti 48 ay, maksimum məbləği isə 300 min Türk lirəsidir (157 min dollar).
KOSGEB laboratoriya xidmətləri. KOSGEB-in Türkiyənin 9 vilayətində 11 laboratoriyası var. Bu laboratoriyalar KOSGEB-də qeydiyyatda olan müəssisələrə çox aşağı qiymətlə xidmət göstərir. Məqsəd türk şirkətlərinin xarici firmalara münasibətdə rəqabət qabiliyyətinin artırılması və idxal olunan bir çox məhsulların ölkə daxilində istehsalının təşkilinə dəstək verməkdir.
Ancaq KOSGEB-in laboratoriya xidməti göstərməsi müxtəlif səbəblərdən bu imkandan faydalan bilməyən bəzi yerli şirkətlərin də narazılığına səbəb olur. Onların fikrincə, bu, bərabər rəqabət şərtlərinin pozulmasıdır.
Türkiyədə kiçik və orta sahibkarlığa verilən dövlət dəstəyi barədə bu qədər. Qəzetdə bizə ayrılmış yerin verdiyi imkandan maksimum yararlanmağa çalışaraq Azərbaycan oxucularında qardaş ölkənin bu sahədəki təcrübəsi barədə ilkin rəy yaratmağa çalışdıq. Ümid edirəm ki, buna nail olduq.